Peşəkar Psixologiya Mərkəzi

Ailə sistemində münaqişənin yeri

AİLƏ SİSTEMİNDƏ MÜNAQİŞƏNİN YERİ

Quliyeva N. (götürülmədir)

 

Şəxsin həyat sevgisinin yüksək olması onun ilk sevgi münasibətlərinin sağlam olması ilə əlaqədardır.Bu münasibət müxtəlif tərəddütlərlə birgə ailə mühitində formalaşır.

Ailə daxilində hissi və fiziki stress yaradan böhranlarla rastlaşa bilərik.Valideyn münaqişəsi bu böhranlar içərisində mühüm yer tutur.

Ata-ana arasındakı münaqişələrdə uşağın  vəziyyətinə dair ümumilikdə iki yanaşma var:

Birinci yanaşmaya görə,evin içərisində və uşağın gözü qarşısında baş verən münaqişələr uşaq üçün travmatikdir.Məhz bu səbəbdən onların yanında münaqişədən,mübahisə etməkdən çəkinmək lazımdır.Bu mübahisələrə şahid olan uşağın yaşadığı hisslər onun şəxsiyyətinə və gələcəkdəki münasibətlərinə neqativ yönümdə təsir edir.

Digər yanaşmaya görə isə böyüklərin mübahisələrinə şahid olan uşaq bu münaqişələrin həyatın bir hissəsi olduğunu öyrənər və barışıqla nəticələnən bir mübahisədən dəyərli bir həyat dərsi alar.Gələcək həyatında gərginlik yaşayan vaxtlarda tez həyacanlanan,narahatlıq keçirən bir şəxsiyyət inkişaf etməz və münaqişəni təbii bir hadisə kimi qəbul edər.

Əslində bu iki nöqteyi-nəzər bir-birinə heç də əks deyil.Əksinə,hər ikisi bir-birinin tamamlayıcısıdır.Hər münasibətin öz gerçəkliyi daxilində arabir bu anlayışlardan biri digərinə nisbətən daha funksional və ya zərərverici ola bilir.

Ata-anaların münasibətlərini başa düşmək üçün ilk növbədə ər-arvad       olmaqdan ailə olmağa keçişə baxmaq  lazımdır.Evlənmə qərarı almış şəxslərin münasibətlərinin möhkəmliyi sonrakı həyatlarında da vacib təsirə malikdir.Evliliyin insan həyatındakı dəstəkləyici və müsbət xüsusiyyətlərindən başqa,öz təbiətindən qaynaqlanan bəzi çətinliklərindən  də bəhs edilə bilər.Bu çətinliklər demək olar ki,hər münasibət sistemində yaşanmaqla bərabər,daha rəsmi qeydiyyatlı bir münasibət olan evlilikdə özünəməxsus bir formada üzə çıxır.İnsanların həyat döngələri olduğu kimi münasibətlərin də həyat döngələri var.Ər-arvad evli olmaqdan ,,ailə” olmağa keçid ailə həyat döngəsində vacib mərhələdir.Ər-arvadın uşaq sahibi olaraq ailə olmağa keçidi eyni zamanda ,,evlilik münasibətləri ilə necə əlaqə” qurduqları ilə sıx bağlıdır.Uşaq sahibi olmağa qərar vermək münasibətin fərdi olaraq necə yaşanıldığı və qavranıldığı ilə əlaqədardır.Hamiləliyin ixtiyari olması və ya olmaması,münasibət daxilində anadan olacaq uşağa və yoldaşa necə yer verildiyi,daha sonrakı münasibət  ailə böhranlarında vacib bir yer tutur.Uşağın dünyaya gəlməsi ilə birgə münasibəti formalaşdırma cəhdlərimiz (artıq uşaqlı bir qadınsan/kişisən,bəzi məsələlərdə daha diqqətli,məsuliyyətli olmalısan!), öz ailə sistemlərimizdən evlilik daxilinə şamil etdiyimiz fərdi inam sistemlərimiz (bizim evdə belə idi,uşaq da belə böyüyəcək!) və s. ailə olmağın ilk böhran nöqtələridir.Azyaşlı uşağın maddi və mənəvi (hissi) ehtiyaclarının ödənilməsi və ona baxmaq barədə tez-tez çətinlik yaşanıla bilər.

Ata-ana münaqişələri müxtəlif səbəblərdən ola bilər.Uşağa dair öhdəliklər, uşağı böyütmə,tərbiyələndirmə barəsində ziddiyyətlər, ər-arvad münasibətindəki problemlər,bu problemlərlə bağlı olaraq meydana çıxan alkoqolizm,qumar oynama,iqtisadi çətinliklər,bir başqa münasibətə yönəlmə kimi problemlər,münasibətdə fərdiləşmə(tənhalıq) və ortaq nöqtələrin tapılması,həddindən artıq qısqanclıq və sahiblənmə kimi bir çox səbəb mübahisəyə yol aça bilər.

Bu mübahisələr zamanı çox vaxt psixoloji iqlim ağırlaşır.Bəzi hallarda sözlü və ya fiziki şiddət belə tətbiq olunur.Həmçinin bir-birlərinin şəxsiyyətinə yönəlmiş ağır təhqirlər söyləyirlər.Bəzən bu mübahisələr keçici ayrılıqlara gətirib çıxara bilər və tərəflərdən biri evi tərk edə bilər.

Ata-ana mübahisəsi zamanı uşaqlar hansı hissləri yaşayır?

Bu hisslər qorxu,narahatlıq,əlacsızlıq,nifrət,qəzəb və s. ola bilər.

Fiziki şiddət,yüksəlmiş səs tonu və gərginlik mühitində bu havanı tənəffüs edən uşağın yaşadığı ilk iz qorxu olacaqdır.Uşaq başa düşə bilmədiyi səbəblərdən ötrü ata-anasının bir-biri ilə mübahisə etmələrinə görə özünün və ya valideynlərinin zərər çəkəcəklərindən qorxur.Mübahisə zamanı qulaqlarını tutar,qışqırar,yataqdadırsa yorğanın altına girib ağlaya bilər.Əgər səsini eşitdirə bilirsə,qorxduğunu və mübahisə etməmələrini söyləyə bilər.

Uşaqda narahatlıq hissi isə qeyri-ixtiyari,şüursuz bir prossesdə ifadə oluna bilər.Uşağın məktəb həyatında,dostluq münasibətlərində problemlər üzə çıxa bilər.Məktəb dostları ilə tez-tez mübahisələr edər,kənardan sakitliyi pozan bir təsəvvür yaradar,diqqəti yayınar,dərslərinə maraq və uğurları azala bilər.Yuxu rejimi pozular,gecə qorxuları artar,öz otağında yatan uşaq ata-anası ilə yatmaq istəyə bilər.Bu davranışları ilə uşaq qapalı şəkildə ata-anasının mübahisələrinin qarşısını almağa yönəlmiş bir cəhd sərf edər.Bu davranışların əsasında duran əsl narahatlıq isə uşağın özünün varlığı ilə bağlı narahatçılığıdır.Uşaqlar həyatlarını davam etdirmək üçün böyüklərə möhtac olduqlarını bilirlər.Bu şüursuz bir bilmə halıdır və təkcə maddi bir həyat narahatçılığı deyil.Uşaqlar yaşamaq üçün fiziki qayğı qədər sevgiyə,ünsiyyətə,mənəvi (hissi ) olaraq qorunmağa da ehtiyac duyurlar.Ata-ananın davamlı münaqişələrinin uşaqda şüursuz olaraq xəbərdarlıq etdiyi ilk narahatlıq həyat-ölüm narahatlığıdır.Uşaq yuxarıda saydığımız davranışlarla ata-anasını münaqişələrini nəzarət altına almağa çalışaraq əslində öz varlığını qorumağa çalışır.

Digər bir duyğu isə günahkarlıqdır.Uşaqlarda günahkarlıq hissinin meydana çıxması psixodinamik inkişafın erkən mərhələlərinə təsadüf edir.Qayğı göstərən anaya bütövlükdə sahib olmaq istəyən uşaq bunu fiziki olaraq qeyri-mümkün olduğunu görəndə anaya qarşı ikili-ziddiyyətli  hisslər yaşayar.Həm onu çox sevər,həm də  həmişə ona aid olmadığı üçün anaya qəzəblənər.Bu hirslə fantaziyasında (xəyal dünyasında) anasına cəza verər.Bu cəzalandırmalara baxmayaraq ananın kifayət qədər yaxşı və qayğı göstərən valideyn olması günahkarlıq hissini formalaşdırar.Bu səbəbdən də uşaqda günahkarlıq hissinin izlənilməsi vacibdir.Əgər uşaq mübahisə zamanı tərəf tutmağa və hakim olmağa məcbur edilərsə,bir tərəfə yaxın durmaq məcburiyyətində qoyulduğu üçün istəmədiyi bir vəziyyətdə qalar və özünü pis hiss edər.Həmçinin mübahisədən sonra ,,sən belə davranmasan,qaydalara riayət etsən,sakit dursan biz dava etməzdik” kimi cümlələr eşidərsə,özünü həm günahkar hiss edər,həm də öz ,,Mənliyini” neqativ yöndə qavrayar.Özünü günahkar hiss edən uşaq bu günahı əfv etdirməyə çalışar və böyüklərin münaqişə səbəblərini dərk edə bilmədiyi üçün üst-üstə səhvlərə yol verərək özünü daha da pis hiss edər  və bir sıra döngələr yaşayar.Bu prosesdə mükəmməlliyətçilik,öz səhvlərinə qarşı zalım olma və ağır mühakimə kimi xüsusiyyətlər meydana çıxa bilər.

Digər hisslər isə çarəsizlik və görməməzlikdən gəlmək səyidir.Böyüklərə müdaxilə edə bilməyən uşağın çarəsizlik hissi artır.Bu hisslər çoxluğunda uşaq ya baş verənləri görməzdən gəlmə,yadırğama kimi boş bir mübarizəyə girər,ya da depressiv bir vəziyyət  yaşamağa başlayar.Necə reaksiya verəcəyi ilə bağlı qərarsızlıq yaşayar.Verəcəyi reaksiyanın mümkün nəticələrini qabaqcadan təxmin edə bilməz,çaşqın və ürkək bir halda donub qalar.

Əgər ata-ana mübahisəni münasibətləri və uşaqları naminə travmatik ola biləcək bir nöqtəyə qədər aparmırsa,uşağın yanında başlayan bir mübahisə ər-arvadın soyuqqanlı olmağı ilə həmin   müəyyən həddlər daxilində qalırsa,uşaq bu mübahisələrdən müsbət şeylər də öyrənə bilər.Ata-ana arasında fikir ayrılığının olması və bəzən bununla əlaqədar olaraq onun müzakirə olunmasının sağlam bir münasibət forması formalaşdırdığını görməsi uşaq üçün faydalı ola bilər.Beləliklə,  ailədənkənar münasibətlərində konflikt yaşayan uşaq bunların normal,təbii vəziyyətlər olduğunu bilər,ruh düşkünlüyü və çarəsizlik yaşayıb özünə qapılmaz.Dünyanın təkcə xoşbəxtlik və həzzdən ibarət olmadığını dərk edər və bu vəziyyətləri təbii qarşılayar.Beləliklə,xoşagəlməyən vəziyyətlərə qarşı dayanıqlılığı yüksələr və hər mübahisədə tez  təsirlənməz.Uşaqlar bir çox müsbət və mənfi hissləri ailə daxilində yaşayıb öyrənər və təkcə sevginin,sevincin deyil,qəzəb və hirslənmənin də təbii ifadələr olduğunun fərqinə vararlar.Təbii ki, vacib olan bu qəzəb və hirsin mübahisədə necə göstərildiyidir.

Mübahisələr hər nə qədər spontan formalaşsa da, ata-ana bu tip vəziyyətlər üçün əvvəlcədən öz aralarında danışır, mümkün olan dərəcədə baxacaqları bir yol xəritəsi hazırlaya bilərlər.Ər-arvad uşaqlarının yanında ikən dərinləşmə ehtimalı yüksək olan münaqişələrdən uzaq durmağı seçə bilərlər.Uşaqların öz vəziyyətləri ilə bağlı olaraq narahatlığa düşə biləcəkləti və başa düşməyəcəkləri maddi mövzular onların yanında müzakirə olunmaya bilər.Evi dəyişdirmə,köçmə,boşanma,yaxın insanlardan birinin vəfat etməsi,böyüklərin baş çəkməkləri,məcburi səyahətlər,işlə əlaqədar şam yeməyi və didər mövzularda isə ər-arvad mübahisələrini müəyyən sərhədlər daxilində tutmalı,bu mövzuyla bağlı fikirlərində bir ortaq nöqtə tapdıqlarında münaqişə səbəbləri və nəticələrini yaşına uyğun şəkildə uşaqla bölüşməlidirlər.Uşaqla bağlı digər bir mübahisə uşağı böyütmə,tərbiyələndirmə ilə bağlı fikirlərindəki fərqlilikdən yaranar və bir  valideynin etdiyinə digəri müdaxilə edə bilər.Bu vəziyyətlərdə əksər hallarda uşaq hansı valideynin davranışı ona sərf edirsə,ona üstünlük verir.Bu üstünlük pis niyyətli deyil və insan varlığının təbiətində var.Uşağı böyütməklə bağlı fikirlərdən meydana çıxan mübahisələrdən sonra ata-ananın bu mövzuları müzakirə etməsi,ələ alması vacibdir.Razılığa gəlinən mövzuları uşağın yanında yenidən müzakirə etməməyə səy göstərmək lazımdır.

Uşağın yanındakı mübahisə böyüməyə başlayırsa,onda xüsusi bir işarə ilə fasilə verilə bilər.Sonradan uşaq,onun çaşğınlığı və ürkəklik hissi mütləq danışılmalı,müzakirə haqqında başa düşəcəyi səviyyədə ona açıqlama verilməlidir.Dörd yaşındakı uşaqla yeniyetməyə ediləcək açıqlama təbii olaraq fərqli olacaq.Yaş və inkişaf xüsusiyyətləri nəzərə alınaraq ediləcək açıqlamalar,bəzən qaneedici olmasa belə heç olmasa bu müddətdə uşaq öz sual-cavabları ilə tək qalmır və hisslərini ifadə edə bilməsi üçün imkan yaranır.Əgər bunlara baxmayaraq uşaq xoşagəlməz mənzərinin şahidi olursa,valideynlərdən mənəvi gücü çatan uşağın bu mühitdən bir müddət üçün uzaqlaşmağını təmin edərək gərginliyi azalda bilər.

İngilis psixoanalisti Fairbainin dediyi kimi həm mübahisə edib,həm də ruhi sağlamlığı qorumaq heç də həmişə asan deyil.

Əgər bu dinamik prosesdə münasibəti davam etdirmək və qorumaq nöqtəsində çətinlik çəkirsinizsə,aranızdakı mübahisələr sizin  və uşağınızın psixi sağlamlığına neqativ yöndə təsir etməyə başlayıbsa,bildiklərinizə baxmayaraq buna mane ola bilmirsinizsə bir mütəxəssisə-psixoloqa müraciət etməyiniz məsləhət görülür.

 

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol